Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Suraxanı rayonunda “Dövlət və din münasibətlərinin tənzimlənməsində din xadimlərinin yeri və rolu” mövzusunda tədbir keçirilib
30 noyabr 2022 | 15:29
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonuna təhkim edilmiş səlahiyyətli bölgə nümayəndəsi Murad Cəfərov, RİHB-nin müavini Rəşad Hacıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, rayonun din xadimləri iştirak ediblər.
Tədbirdə Azərbaycanda dövlət-din münasibətlərinin təməlinin Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu və hal-hazırda da inkişaf etdiyi vurğulanaraq ölkəmizdə hər bir şəxsin dini etiqad azadlığının təmin olunduğu diqqətə çatdırılıb.
RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, ölkəmiz islam dünyasında dövlət-din münasibətlərinin həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olub. O, bildirib ki, dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın mənəvi irsinin bir parçası olan dini abidələrimizin təmiri və bərpası istiqamətində zəruri addımlar atılıb. Cari ilin əvvəlində ölkə başçımız cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinin yenidən qurulan binasının dindarların istifadəsinə verilməsi dövlətimizin milli-mənəvi dəyərlərimizə ehtiramının bariz nümunəsidir. Bu bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.
Tədbirdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonuna təhkim edilmiş səlahiyyətli bölgə nümayəndəsi Murad Cəfərov və Fatimeyi-Zəhra məscidinin imamı Mirhəmid Məmmədov mövzu ətrafında fikirlərini bölüşərək dövlət və din münasibətlərinin tənzimlənməsində din xadimlərinin rolundan danışıblar.
Sonra tədbir iştirakçıları üçün nahar süfrəsi təşkil olunub.