Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 18-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində Şuşanın 270 illiyi münasibətilə rəssam Fərhad Muradovun fərdi rəsm sərgisi təşkil olunub

18 noyabr 2022 | 17:12
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Fövqəladə Hallar Akademiyasının rəisi Baba Salayev, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və qonaqlar iştirak ediblər.
Qonaqların rəsm əsərləri ilə tanışlığından sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Aparılan hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əmircan qəsəbə Ağsaqqallar şurasının sədr müavini, rəssam Fərhad Muradov da çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib, nümayiş edilən sənət əsərləri ilə bağlı məlumat verib.
Bədii-kompozisiya nümayiş etdirildikdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək məşhur neft milyonçularının, sənətkarların, rəssamların, söz-sənət ustalarının ana yurdu sayılan Əmircan qəsəbəsinin qədim tarixə malik olduğunu bildirmişdir. Əmircanda anadan olan böyük rəssam Səttar Bəhlulzadənin adını xüsusilə vurğulayan RİH başçısı tam fərqli bir həyat yolu keçən rəssamın Azərbaycan mədəniyyətinə tövhələrinin əvəzsiz olduğunu diqqətə çatdırmış və ölkə başçımızın göstərişi ilə bu gün qəsəbədə tarixi qədimliyi qorunmaqla aparılan restavrasiya işlərindən danışmış, həyata keçirilən nəhəng abadlıq-quruculuq layihəsindən sonra yaxın zamanlarda Əmircanda qədimliyin müasirliklə birləşəcəyini qeyd etmişdir. Eyni zamanda Şuşa ili çərçivəsində keçirilən rəngarəng tədbirlərin bir daha Şuşanın tarixinin, tarixən Azərbaycan xalqına məxsusluğunun dünyaya təqdimatında əhəmiyyətli rol oynayacağını bildirmişdir.
Keçidlər