Noyabrın 16-da Suraxanı Rayon İcra Hakimiyyətində 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib
16 noyabr 2023 | 10:10
Noyabrın 16-da Suraxanı Rayon İcra Hakimiyyətində 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib.
Müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Qəhrəmanov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, BŞİH-nin və RIHB-nin əməkdaşları, rayonunun idarə, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, eləcə də digər dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı naminə həyata keçirilən islahatlardan, əhalinin rifahının yüksəldilməsi üçün geniş vüsət alan abadlıq-quruculuq layihələrindən, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. RİH başçısı 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında geniş məlumat verib. Ə.Əzizov bildirib ki, kommunal xidmət strukturları qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev çıxış edərək bildiriblər ki, qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.