Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbli teatrı yaradılır

31 dekabr 2022 | 12:21

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalibi olmuş layihə məhz “Məktəbli teatrı”nın yaradılmasına həsr olunub. Layihəni 279 nömrəli tam orta məktəb həyata keçirir. 

“Məktəbli teatrı” layihəsində məktəbliləri narahat edən məsələlərlə bağlı məşğələlər keçirmək, müzakirələrdə qaldırılan mövzular əsasında ssenari yazmaq, məktəblilərin tamaşa hazırlamaq bacarıqlarını inkişaf  etdirmək üçün təlimlər keçirmək, hazırlanan tamaşanı müxtəlif məktəblərdə nümayiş etdirmək nəzərdə tutulur. Təlimlər aktyor sənəti, nitq mədəniyyəti, plastika, rəqs, vokal mövzularını əhatə edəcək. Layihədə beynəlxalq səviyyədə geniş tətbiq olunan Forum teatrı metodundan geniş istifadə olunacaq.

Layihə çərçivəsində 279 saylı məktəb ilə Bakı Şəhər Mədəniyyət İdarəsi Uşaq və Gənclər Teatrı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması arasında əməkdaşlıq qurulacaq. 

Layihənin rəhbəri, 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayevanın sözlərinə görə, məktəbli teatrının yaradılması məktəblilərin yaradıcı fəaliyyətlərə cəlb olunmasına, sosiallaşmasına, komandada işləmək bacarıqlarının, dünyagörüşünün inkişafına, onların şəxsiyyət və vətəndaş kimi formalaşmasına töhfə verəcək. 
Layihə müəllimlər və valideynlər üçün də faydalı olacaq. Belə ki, şagirdlərin öz arzu və istəkləri ilə bağlı aydın fikrə malik olması, müəllimlərin və valideynlərin də işini asanlaşdırar.

Məktəbli teatrına qoşulmaq istəyən şagirdlərin valideynləri şagirdin ad və soyadını, sinfin nömrəsini və əlaqə vasitəsini mektebmekteb279@rambler.ru e-mail ünvanına yaza bilərlər.

Məşqlər 279 nömrəli tam orta məktəbdə (Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi) keçiriləcək.

Keçidlər