Mayın 1-də S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında “Müdrikliyin dühası” adlı tədbir keçirilib
01 may 2023 | 15:12
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində mayın 1-də S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında “Müdrikliyin dühası” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri iştirak ediblər.
Qonaqlar gimnaziyanın foyesində şagirdlərin rəsmlərindən ibarət sərgini izlədikdən sonra tədbir akt zalında davam edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin direktoru Xəyalə Veyisova Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını diqqətə çatdıraraq onun təməlini qoyduğu ölkəmizin inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Daha sonra şagirdlərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb və bildirib ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. O, Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, Vətənini və millətini sevən bir insan kimi, çətin anlarda hər zaman xalqının yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməlisinin vacibliyini də diqqətə çatdırıb.
Tədbrin sonunda xatirə şəkli çəkilib.