Martın 15-də “Heydər Əliyev zirvəsi” adlı növbəti Açıq dərs Suraxanı rayon 87 saylı tam orta məktəbdə keçirilib.
15 mart 2023 | 10:46
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar martın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi və xalqımızın böyük xilaskarı, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev irsinin təbliği, ideoloji işin gücləndirilməsi və bu yöndəki fəaliyyətin səmərəliliyinin artırılması məqsədi ilə Suraxanı rayon tam orta məktəblərinin şagirdləri üçün nəzərdə tutulmuş “Heydər Əliyev zirvəsi” adlı növbəti Açıq dərs Suraxanı rayon 87 saylı tam orta məktəbdə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Firəngiz Məlikbəyli, məktəbin tarix müəllimi Elnurə Abdullayeva mövzuya dair hazırlanmış prezentasiya, foto, video materiallardan istifadə etməklə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər.
Bildirilib ki, Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində ölkəmizin ictimai-siyasi iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, inkişaf baş vermiş, Azərbaycan zamanın ağır və sərt sınaqlarından çıxmış, yaşayaraq tərəqqiyə qovuşmuş, regionda lider dövlətə çevrilmişdir.
Dərsdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin möhkəmlənməsinə, gətirib çıxarıb. Müzəffər Ali Baş Komandanın qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
“Açıq dərs”də şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı.