Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 6-da Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Suraxanı Rayon İcra hakimiyyətinin əməkdaşları üçün təlim təşkil edib

06 iyun 2023 | 10:00
İyunun 6-da Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Suraxanı Rayon İcra hakimiyyətinin əməkdaşları üçün təlim təşkil edib.
Keçirilən təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Dövlət qulluğu və korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova təlimin açılışında qonaqları salamlayaraq qeyd edib ki, Hüquq və İnsan Haqları İnstitutunun təşkil etdiyi təlimlər dövlət qurumlarının əməkdaşları üçün çox vacib və xüsusi əhəmiyyətlidir.
İnstitutun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev çıxışı zamanı İnstitut haqqında ümumi məlumat verib. O, İnstitutun Bakı şəhərinin müxtəlif rayonlarında İcra Hakimiyyəti orqanlarında, Daxili İşlər Nazirliyinin tabeliyində olan bir sıra Polis İdarə və şöbələrində, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif cəzaçəkmə müəssisələrində indiyə qədər təşkil edilən çoxsaylı təlimlər barədə danışaraq sözü təlimçi-ekspertlərə verib.
Hüquqi tədqiqat şöbəsinin müdiri Araz Abdullasoy “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-1-ci maddəsi, “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş bəndlərin əhəmiyyəti, Avropa İnsan Hüquqları Konvensiyasının 6,13 və 34-cü maddələri haqqında danışıb. Eyni zamanda, A.Abdullasoy vətəndaşların Onlayn İctimai Nəzarət Platformasına müraciətlərinin mahiyyətini və AR Konstitusiyasının 50, 57, 65 və 96-cı maddələrinin bəndlərini geniş izah edib.
İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularında təqdimatla çıxış edib. Təlimçi şəxsin sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi, ictimai nəzarətin təmin edilməsində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında QHT-lərin rolu məsələlərinə toxunub.
Təlimçi Nəzrin Əliyeva “Dövlət qulluğu və korrupsiya” mövzusunda çıxış edərək, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxslərin öz statuslarından, təmsil etdikləri orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq imtiyazlar və ya güzəştlər əldə etməsi halları barədə məlumat verib. O, habelə, vəzifələrindən azad edilmiş və həbs olunmuş məmurların statistikasını diqqətə çatdırmaqla, milli və beynəlxalq qanunvericilikdə bu problemlərin tənzimlənməsi məsələlərinin təhlilini aparıb.
Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin, təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması iştirakçılar tərəfindən doldurulub.
Sonda təlimdə iştirak edən 28 nəfər icra hakimiyyəti əməkdaşı sertifikatla təltif olunub.
Keçidlər