İyulun 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirmişdir
07 iyul 2022 | 12:38
İyulun 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirmişdir.
89 №-li tam orta məktəbdə 250 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, RİHB-nin müavinləri, şöbə müdirləri, Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, ötən illərdə ölkədə baş verən hadisələr, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə ilə vətəndaşlarımızın dövlət başçımıza nə qədər bağlı olduğu, dövlətimizin milli maraqları naminə qətiyyətlə bir yumruq kimi birləşməsi bir daha sübut olundu. Bu gün dövlət başçımızın rəhbərliyi ilə ölkədə keçirilən islahatlar, sosial-siyasi dəyişikliklər gündəmi dəyişdirib. Bu yöndə atılan hər addım Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır, öz dövlətinə, öz Prezidentinə inamı daha da artırır.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.