Şriftin ölçüsü :

Saytın rəngi :

Hövsan qəsəbəsində növbəti səyyar görüş-qəbul keçirildi

09 mart 2023 | 17:46
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüş – qəbulu Hövsan qəsəbəsinin sakinləri ilə M.Bayramov adına 196 nömrəli tam orta məktəbdə keçirilib.
Görüşdə Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Görüşdə RİH başçısı Əziz Əzizov bildirib ki, ölkə başçımızın avropa ölkələrinə son səfərləri, eləcə də Azərbaycanın bir sıra beynəlxalq mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin xarici siyasi və iqtisadi əlaqələrinə müsbət təsir göstərməklə bərabər, respublikamızın tərəfdaşlıq və əməkdaşlıq baxımından yerini və rolunu da möhkəmləndirir. Həmçinin, bu gün Prezident cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu haqqında məlumat verib.
Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva çıxış edərək bildirib ki, yaşadığımız çətin bir dövrdə dövlət başçımızın balanslaşdırılmış xarici siyasəti bizi bir çox təhlükələrdən uzaqda saxlayır. Biz də ölkəmizin maraqlarını həm daxildə, həm də xaricdə, maksimum şəkildə qorumalıyıq. Eyni zamanda son illər Suraxanı rayonunun hər bir qəsəbəsində olduğu kimi Hövsanda da görülən işlərdən danışan S.Fətəliyeva bildirib ki, qəsəbədə aparılan abadlıq işləri geniş vüsət alıb. Mərhələli şəkildə küçələr asfaltlanır, səliqə-səhman yaradılır, qəsəbənin siması günü-gündən dəyişir.
Daha sonra ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinləri çıxış edərək rayon icra başçısının qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini söyləyib və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər