Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib
07 oktyabr 2022 | 10:54
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Fövqəladə Hallar nazirinin müavinləri - general-leytenant Etibar Mirzəyev və general-leytenant Ragim Lətifov, Milli Məclisin deputatları - Sevinc Fətəliyeva və Etibar Əliyev, RİHB-nin müvinləri, Nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, Vətən müharibəsi qaziləri, FHN Akademiyasının kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Mərasimdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Akademiyanın rəisi, general-mayor Baba Salayev, Vətən müharibəsi qazisi Dəyanət Məmmədov və Akademiyanın məzunu leytenant Elvin Həsənov çıxış edərək kursantları, məzunları və onların valideynlərini təbrik ediblər.
Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant İlqar Əliyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.
Rəsmi hissədən sonra tədbir iştirakçıları Akademiyanın idmançılarının nümunəvi çıxışlarını izləyiblər.