FHN-in təşkilatçılığı ilə Suraxanı rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
15 may 2024 | 13:16
Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 2024-cü il üçün Hazırlıq planına müvafiq olaraq Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Suraxanı Maşınqayırma Zavodu” ASC-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəşad Hacıyev, RİHB-nin müavini Fuad Cəbrayılov, FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.
Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Suraxanı rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.
Müşavirədə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.
Kompleks təlimə ümumilikdə 392 nəfərdən ibarət şəxsi heyət və 97 ədəd texnika cəlb edilib. Tədbirdə FHN-in qüvvələri, şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.