Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Balaşzadə Röyal Atduxan oğlunun 40 mərasimi keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri, qazilər Binə qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Həmçinin, Şəhidin xatirəsinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılıb.Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.
Suraxanı rayonunda da hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyən rayon rəhbəri bildirib ki, Vətən müharibəsi Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və 30 illik Vətən həsrətinə son qoyuldu. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinin xeyli möhkəmləndiyini vurğulayan RİH başçısı bildirdi ki, ölkə başçımızın həyata keçirdiyi siyasət nəticəsində dövlətimiz təkcə hərbi platformada deyil, siyasi arenada da güc sahibidir.