Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun 3 mərasimi Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatları Sevinc Fətəliyevanın, Etibar Əliyevin, Sabir Rüstəmxanlının, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidovun, rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədovun, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, eləcə də Şəhidin doğmalarının iştirakı ilə keçirilən mərasimdə onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
RİH başçısı Əziz Əzizov çıxış edərək Şəhidimiz Röyal Balaşzadənin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləmişdir. O, bildirmişdir ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Onlar böyük fədakarlıq, rəşadət göstərərək doğma torpaqlarımız uğrunda öz canlarından keçdilər. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. Ə.Əzizov həmçinin qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya sübut etdi ki, ölkə başçımız cənab İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən işğalçı Ermənistan öz revanşist niyyətlərindən əl çəkmir.