Dekabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
12 dekabr 2023 | 17:22
Dekabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, Şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Əmircan qəsəbəsi, Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, gül dəstələri düzüblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Belə ki, Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalçılıq siyasətinə son qoyulub, torpaqlarımız azad edilib.
Həmçinin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bildiriblər ki, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.
Çıxışlardan sonra Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Liderin ürəyi” adlı sənədli film nümayiş olunub.