Dekabır ayının 27-si Vətən müharibəsinin şəhidi Məmmədov İsa Nazim oğlunun anım günü qeyd edilib
27 dekabr 2022 | 14:05
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Məmmədov İsa Nazim oğlunun anım günü qeyd edilib.
Anım günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhidin doğmaları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri qəhrəman şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Mərasimdə həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov şəhidin əzizlərinə başsağlığı verərək qeyd edib ki, Ermənistanın 30 illik işğalına möhtərəm Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz 44 gün ərzində son qoydu. 10 noyabr 2020-ci il tarixi xalqımızın yaddaşına əbədi həkk olundu. Həmin gün Ermənistanın məğlubiyyəti rəsmən təsdiqləndi. Hazırda isə böyük qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Prezident cənab İlham Əliyev dekabrın 24-də, doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşü isə tarixi bir hadisədir.
Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edən İsa Məmmədov 2020-ci il noyabrın 2-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənin “Camış aşırımı-3305 yüksəkliyi” yaxınlığında hərbi əməliyyatları nəticəsində şəhid olub.