Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Əhmədli Qardaşxan Elxan oğlunun doğum günüdür

12 mart 2023 | 09:35
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Əhmədli Qardaşxan Elxan oğlunun doğum günüdür.
12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olan Əhmədli Qardaşxan 6 yaşından ailəsi ilə birgə Bakı şəhərinə köçüblər. 2004-cü il ildə Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedən Qardaşxan 2013-cü il həmin məktəbdə təhsilini başa vurur.
Qardaşxan Əhmədli 3 yanvar 2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Bir müddətdən sonra hərbi xidmətini Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirib. 2016-cı ilin "Aprel döyüşlərinin" iştirakçısı olub və sözün əsl mənasında göstərdiyi şücaət və qəhrəmanlıqlarla adını tarixə yazıb. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb.
2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başladığı zaman Qardaşxan döyüşlərə qatılır. O, Füzuli, Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənə sarsıdıcı zərbələr endirir, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir və yaralı əsgərlərimizi döyüş meydanından çıxarır.
Qəhrəman Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşür və dekabr ayının 19-da onun şəhid olduğu bilinir. Səhəri gün Şəhidimizin nəşi böyük izdihamla Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanına gətirilərək torpağa tapşırılır.
Ölümündən sonra Əhmədli Qardaşxan Elxan oğlu Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olumasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Özündən sonra bizə Nişanə adında qız övladını əmanət qoyan Qardaşxan Əhmədlinin timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq onlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik.
Keçidlər