Bu gün Vətən müharibəsinin iştirakçısı Əlimov Elvin Nəsrəddin oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür
29 sentyabr 2022 | 13:00
Şəhidimiz, baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon İdarəsinin nümayəndələri, şəhid ailələri onun Hövsan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarını ziyarət edərək dualar oxumuşlar.
Elvin Əlimovun məzun olduğu M.Mehdiyev adına 280 №-li tam orta məktəbdə onun əziz xatirəsinə həsr edilmiş anım tədbirində şagirdlərin təqdimatında Şəhidin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılmış, həyat yoluna həsr edilmiş bədii hissə nümayiş olunmuş, vətənpərvərlik ruhunda şerlər, mahnılar səsləndirilmişdir.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Vətən oğullarımızın mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. RİH başçısı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbə sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, həmin ərazilərə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin qayıtması üçün hərtərəfli şərait yaradılır. Ə.Əzizov eyni zamanda xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan olan, Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Şəhidlik zirvəsinə ucalan Əlimov Elvin Nəsrəddin oğlunun hər zaman qürurla anılacağını qeyd etmişdir.
Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyən Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirmişlər.
Həmçinin, Şəhidimizin anası, M.Mehdiyev adına 280 №-li tam orta məktəbin müəllimi İradə xanım övladı ilə bağlı xatirələrini bölüşərək onunla qürur duyduğunu qeyd etmişdir. Bildirmişdir ki, qarşımızda duran əsas məsələ Müstəqil Respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. O, üzünü şagirdlərə tutaraq bildirmişdir ki, Hər şey Vətənin müdafiəsindən başlayır. Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir Azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır.
Tədbirdən sonra Şəhidin ruhuna ehsan süfrəsi açılmışdır.