Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Mustafazadə Ceyhun Şükür oğlunun anım günüdür

12 oktyabr 2023 | 16:34
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Mustafazadə Ceyhun Şükür oğlunun anım günüdür. 
Ceyhun Mustafazadə 27 yanvar 1997-ci il tarixdə Ağcabədi rayonunun Sarıcalı kəndində Xocalı rayon sakini, Birinci Qarabağ müharibəsi veteranı Adilov Şükür Mustafa oğlunun ailəsində dünyaya gəlib.
Ceyhun orta təhsilini Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbdə aldıqdan sonra Ağcabədi Pedaqoji Kollecinə Texnologiya müəllimliyi ixtisası üzrə daxil olub.
2017-ci il iyun ayında hərbi xidmətə çağırılan Ceyhun Mustafazadə Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurduqdan sonra 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Naxçıvanda Günnütün alınmasında cəsur döyüşçü kimi vuruşan Ceyhun Vətən müharibəsinin də iştirakçısı oldu. O, Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib.
Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ceyhun Mustafazadə Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib.
Ceyhun Mustafazadə ölümündən sonra ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mustafazadə Ceyhun Şükür oğlunun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq onlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik.
Keçidlər