Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan İsmayılzadə Məhəmməd Fizuli oğlu doğum günündə anılıb
12 iyun 2023 | 09:11
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan İsmayılzadə Məhəmməd Fizuli oğlu doğum günündə anılıb.
Şəhidin Dədə Qorqud Qəbiristanlığındakı Şəhidlər xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki, 1996-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olan İsmayılzadə Məhəmməd Fizuli oğlu vətən sevgisi ilə böyüyüb. Bu sevgi onun atasının 1992-1993-cü illərdə Qarabağda göstərdiyi şücaətdən irəli gəlir.
Məhəmməd 2014-cü ildə Zığ qəsəbəsində yerləşən 317 №-li tam orta məktəbi bitirdikdən sonra böyük həvəslə müqəddəs borcu olan ana vətəni qorumaq üçün hərbi xidmətə yollanır. Vətən keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb edir və onların sıralarında baş kəşfiyyatçı olaraq hərbi xidmətini davam etdirir. Göstərdiyi igidliklərə görə bir neçə fəxri fərmanla təltif olunur.
Məhəmmədin ən böyük arzusu xaricdə təhsil almaq idi. Nəhayət o, öz arzusuna çatır, Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olunur.
Lakin Vətən müharibəsi onun bu arzusunu üstələyir. Müharibə başladığı ilk gündən hərbi komissarlığa müraciət edən Məhəmməd könüllü olaraq müharibəyə yollanır.
Müharibə zamanı böyük şücaət göstərən Məhəmməd İsmayılzadə 25 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalır.
O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Məhəmməd İsmayılzadənin timsalında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.