Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan İsmayılov Elçin Mübariz oğlunun doğum günüdür.
30 may 2024 | 14:42
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan İsmayılov Elçin Mübariz oğlunun doğum günüdür.
Elçin 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub.
Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət etdikdən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən seçilmiş 20 nəfərdən biri Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrin heyətində dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.
2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyat Taborunun Komandiri vəzifəsində xidmət edib.
Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilərkən Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin İsmayılov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Elçin İsmayılovun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.