Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Əliyev Yunis Zaur oğlunun doğum günüdür

19 yanvar 2024 | 08:45
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Əliyev Yunis Zaur oğlunun doğum günüdür. Onun timsalında bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq. 
 Yunis Əliyev 19 yanvar 2000-ci ildə Bakı şəhərində anadan olub. Təhsilini əvvəl Suraxanı rayonu, Bülbülə qəsəbəsi 232 saylı tam orta məktəbdə, daha sonra isə 327 saylı tam orta məktəbdə alıb. Uşaq yaşlarından hərbi sahəyə və idmana böyük həvəs göstərən Yunis orta təhsilini bitirdikdən sonra 24 yanvar 2020-ci il tarixdə hərbi xidmətə yollanıb. Hərbi xidmətini Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində, daha sonra Tap Qaraqoyunlu kəndində davam etdirib.
 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayan Yunis Suqovuşanın işğaldan azad olunmasında böyük şücaət göstərib, həmçinin yaralı əsgərlərə yardım etməsi ilə seçilib, düşmənin neçə-neçə texnikasını və canlı qüvvəsini məhv edib.
 5 oktyabr 2020-ci il tarixdə Ağdərənin azad olunması uğrunda gedən döyüşlərdə, Batambara meşəsində çiyin-çiyinə döyüşdüyü dostlarını müdafiə edərkən və döyüş tapşırığını layiqincə yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Suraxanı rayonu, Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunub.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Yunis Əliyev ölümündən sonra Prezident cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
Keçidlər