Bu gün Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunub
18 fevral 2025 | 10:00
Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Əmircan qəsəbəsi 97 saylı tam orta məktəbdə təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Mürsəl Kazımov qonaqları salamlayaraq bildirib ki, narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir və ölkəmizdə də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, qətiyyətli addımlar atılır.
Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, İdarənin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev çıxışlarında narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları ilə bağlı ətraflı məlumat veriblər. Şagirdlərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.