Bu gün Azərbaycanın Milli Qəhrəmanı, 1-ci Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun doğum günüdür.
05 iyun 2024 | 13:08
19 yaşında şəhadətə ucalaraq yüksək ad almış Cavanşir Rəhimov qısa, lakin şərəfli ömründə özünü, sözün əsl mənasında, qəhrəman kimi göstərə bilib.
Cavanşir 1973-cü il iyun ayının 5-də Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açıb. Onun 1 yaşı olanda ailəsi Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə köçüb. Gələcək qəhrəman buradakı 104 nömrəli tam orta məktəbin 8-ci sinfini bitirdikdən sonra texniki-peşə məktəbində oxuyub. Eyni zamanda, karate ilə məşğul olub və idman ustası normativini ödəyib.
Birinci Qarabağ müharibəsi başlananda hələ əsgərliyə yaşı çatmasa da, Cavanşir dəfələrlə hərbi komissarlığa üz tutub. Lakin onu “Gözlə, yaşın çatsın” cavabı ilə geri qaytarıblar. O da tez-tez atıcılıq tirinə gedərək sərrast atəş açmağı öyrənib. Nəhayət,1992-ci ildə Cavanşir Rəhimov əsgəri xidmətə çağırılıb və taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşüb. İlk gündən özünü qorxmaz, cəsur əsgər kimi göstərib. Bir müddət təlim keçərək bort-atıcı peşəsinə yiyələnib.
Cavanşir Rəhimov Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrindən yaralıların çıxarılmasında, meyitlərin daşınmasında fəal iştirak edib, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etməkdə böyük igidliklər göstərib.
Həmin il avqustun 6-da Ağdərənin Qasapet yüksəkliyindəki döyüşçülərimizi xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək erməni mövqelərini atəşə tutur və düşmənin bütöv bir bölüyünü məhv edir. Növbəti uçuş öncəsi Cavanşir yaralı olsa da, qətiyyətlə həmlə uçuşuna hazır olduğunu bildirir və vertolyot yenidən havaya qalxaraq tapşırığı yerinə yetirməyə yollanır. İgid şahinlərimiz son ana qədər düşmən mövqelərinə od yağdırırlar. Amma uçan döyüş maşını güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Sentyabrın 9-da Müdafiə Nazirliyinin hərbçilərinin iştirakı ilə onun nəşi tapılaraq Bakıya gətirilir və o, Şəhidlər Xiyabanında torpağa tapşırırlar.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Cavanşir İzzət oğlu Rəhimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulub.