BŞİH-də “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirildi
06 mart 2023 | 09:54
“Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzetinin birgə təşkil etdiyi Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfransda Ulu Öndərin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə rəylər söylənilib, mövcud nailiyyətlərin əsaslarının yaradıcı olan Ümummilli Liderin fəaliyyətinin müxtəlif spektrləri mövzularında çıxışlar dinlənilib.
Əvvəlcə tədbir iştirakşıları Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar. Tədbir şəhidlərin və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Konfransda giriş nitqi ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyətinin Başçısı Eldar Əzizov bildirib ki, hər bir vətənpərvər azərbaycanlı üçün Heydər Əliyev və Azərbaycan eyni məna daşıyır: “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Azərbaycan tarixinin əlamətdar hadisəsidir. Bu yubileyin mühüm cəhəti olaraq biz Ulu Öndərimizin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, ən əsası isə həm də sabahını bir daha təhlil edirik. Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini inamla müəyyənləşdiririk”.