Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində xalq şairi Ramiz Rövşənlə görüş təşkil olunub
23 oktyabr 2022 | 09:10
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid, digər rəsmilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Günay Firudinqızı ziyalılarla görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan ədəbiyyatına öz möhürünü vurmuş şair Ramiz Rövşən görüş iştirakçılarını salamlayaraq, yaradıcılıq yolundan söz açıb, şerlərini səsləndirib, eləcə də onu sevərlərin suallarını cavablandırıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edərək, xalq şairi ilə görüşün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artmasına, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. Həmçinin, Ramiz Rövşən yaradıcılığının həm mövzu rəngarəngliyi, həm də bədii təsvir vasitələrinin mükəmməlliyi baxımından olduqca zəngin və diqqətəlayiq olduğu vurğulanıb.