Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2004-cü il təvəllüdlü Qasımov Kamal Hüseyn oğlunun il mərasimi keçirilib
23 sentyabr 2024 | 10:54
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə Hövsan qəsəbəsi Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirələri yad edilib.
RİH başçısı Adil Əliyev Şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti, həmçinin rəşadətli ordumuzun peşəkarlığı nəticəsində torpaqlarımızda separatizmin kökü kəsilib. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycanımızın ərazi bütövlüyünün tam təmin olduğunu qeyd edən RİH başçısı işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb. O, qeyd edib ki, Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığı gənclərimiz üçün örnəkdir.