Avqustun 4-ü Vətən müharibəsinin Şəhidi Kərimov Əhməd Vaqif oğlunun 33 yaşı tamam olur
04 avqust 2022 | 12:22
Şəhidlik zirvəsinə ucalan Əhməd Kərimovun doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Gənclər evinin direktoru və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, eləcə də Şəhidin ailə üzvləri, rayon sakinləri onun məzarını ziyarət edərək gül dəstələri düzmüş, ruhuna dualar oxumuş və əziz xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək dərin hüznlə başsağlığı vermiş və bildirmişdir ki, Vətən, millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədir Şəhid olmaq. Və hər bir Şəhid ailəsi bu məqama ucalan mərd oğullarımızın bizlərə əmanətidir. Onlara dəstək olmaq hər birimizin borcudur. Eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Əhməd kimi oğullarımızın qanının yerdə qalmadığını vurğulayan RİH başçısı bildirdi ki, məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.