Avqustun 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şəhid ailələri və ziyalıların iştirakı ilə keçirilən “Ucal, bayrağım” adlı tədbirdə nəğməkar şairə, jurnalist Gülxar Əmrahqızının “İstəmirəm Kəndimizə Şəhid Gəlsin” adlı kitabının təqdimetmə mərasimi keçirilmişdir
04 avqust 2022 | 14:12
Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri açıq elan edən Gülxar Əmrahqızı torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq nümayiş etdirən Vətən müharibəsi şəhidlərinin göstərdikləri şücaət və fədakarlıqlara görə onların ruhu qarşısında baş əydiyini bildirmişdir.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək şəhid adının ucalığı və müqəddəsliyindən, rayonda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlərdən bəhs etmişdir. O, qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Qazandığımız bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir.
Şəhid atası, RİHB-nin Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyevin çıxışdan sonra şairə Gülxar Əmrahqızının onun övladı, Şəhid Xəyyam Əliyevə ithaf etdiyi mahnı səsləndirilmişdir.
Həmçinin, tədbirdə iştirak edən digər qonaqlar çıxış edərək Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, müqəddəs yolda canlarını fəda edən xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışmışlar.
Sonda tədbir iştirakçılarına Gülxar Əmrahqızının “İstəmirəm kəndimizə şəhid gəlsin” kitabı paylanılmışdır.