Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 26-da Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri, “Şöhrət" ordeni və “Tərəqqi" medalı ilə təltif edilmiş Tənzilə Rüstəmxanlı ilə görüş keçirilmişdir

26 avqust 2022 | 16:35
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Jalə Əhmədova, RİHB-nin müavini və şöbə müdirləri, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, iş xanımı Ruhi Əliyeva, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon sakinləri, gənclər və ziyalılar iştirak etmişlər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Tənzilə xanımın fəal yaradıcılığından bəhs edən video çarx nümayiş olunmuşdur.
Çıxışına bu günün önəminə diqqət çəkərək başlayan Tənzilə Rüstəmxanlı Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin xalqı Laçın xəbərilə müjdələməsinin ona xüsusi əhval-ruhiyyə bəxş etdiyini bildirərək ölkə başçısının verdiyi bu sevincli xəbərlə dinləyicilərin qarşısına çıxdığını vurğulamışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü olduğunu diqqətə çatdıran Tənzilə xanım onun gördüyü işlərlə bütün azərbaycanlıların qəlbində xüsusi yer tutduğunu qeyd edib. Azərbaycan müstəqillik tarixinə nəzər salan Tənzilə Rüstəmxanlı ötən 30 ildə aparılan mübarizənin Vətən müharibəsində əldə edilmiş zəfərlə nəticələndiyini, yeni reallıqda Azərbaycanın qarşısında mühüm məsələlərin durduğunu bildirib. Ömrünün böyük hissəsini türk dünyasının bütünləşməsinə, türk respublikaları arasında əlaqələrin möhkəmlənməsinə sərf etdiyini bildirən ATEV sədri Qarabağ zəfərinin türk cümhuriyyətlərini bir-birinə daha da yaxınlaşdırdığını bildirib. Tənzilə Rüstəmxanlı gənc nəslin milli
vətənpərvərlik ruhunda böyüməsinin önəmindən danışaraq əldə edilən zəfərlərin gələcəyə daşınmasının yalnız bu yolla mümkün olduğunu deyib. Daha sonra o, iştirakçıları maraqlandıran suallara cavab verib, səmimi söhbət aparılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da çıxış edərək təşkil olunan bu görüşdə əməyi keçən hər kəsə öz minnətdarlığını bildirmişdi. O, bu günün önəmini vurğulayaraq qeyd etmişdir ki, Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsi, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin qanı hesabına mümkün olub. Bu gün şəhidlərimizin ruhunun şad olduğu, onların analarının qürurla, başıuca gəzdiyi, qazilərimizin, bütün xalqımızın sevindiyi gündür. RİH başçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanı doğum günü münasibətilə Suraxanı rayon ictimaiyyəti adından təbrik edərək bildirmişdir ki, öz səmimiyyətilə milyonların könlündə sevgi quran mərhəmətli xanım, qayğıkeş ana Mehriban xanım, doğum günündə körpələrə hədiyyə olaraq körpələr evi-uşaq bağçalarının açılış mərasimlərində iştirak edib. Ə.Əzizov bildirmişdir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirak edən Mehriban xanım orada yaradılan şəraitlə yaxından tanış olmuşdur. Həmçinin, Azərbaycanın görkəmli xanımı Tənzilə Rüstəmxanlı ilə bu özəl günə təsadüf edən görüşün vacibliyindən danışaraq
azərbaycançılıq ənənələrinin beynəlxalq aləmdə təbliğində onun fəaliyyətinin və əvəzsiz rolunun olduğunu qeyd etmişdir.
Daha sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Jalə xanım Əhmədova da çıxış edərək Tənzilə xanımın fəaliyyətlərindən söz açmışlar.
Xoş əhval-ruhiyyə ilə keçən görüşün sonunda xatirə şəkilləri çəkilib.
Keçidlər