Avqustun 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Zığ qəsəbəsinin sakinləri ilə keçirmişdir
25 avqust 2022 | 11:45
317 №-li tam orta məktəbdə 100-ə yaxın sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdiri Müseyib Əliyev, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək son illər ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır.
O, bildirmişdir ki, İkinci Qarabağ savaşından qalib ayrılan Azərbaycanın artıq işğal olunmuş ərazilərə tam nəzarəti əla alması hər birimiz üçün qürurvericidir. Üçtərəfli razılaşmaya əsasən, bölgədə qanunsuz məskunlaşmış ermənilər şəhər və kəndlərimizdən çıxarılır. Bu ərazilərin əsl sakinləri isə uzun illərdən sonra doğma el-obalarına qaytarılır. Artıq yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə hazırlıq görülür.
Bu gün də ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti ilə Şanlı qələbəni qanı-canı bahasına qazanan şəhidlərimizin ailələri, eləcə də qazilərimiz dövlət qayğısı ilə əhatə olunmuşdur. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinin və qazilərimizin problemlərinə həssaslıqla yanaşaraq həllinə nail olmaq hər birimizin vətəndaşlıq borcudur.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.