Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 25-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” adlı narkomaniyaya qarşı mübarizə mövzusunda tamaşa nümayiş olunmuşdur.

25 avqust 2022 | 16:24
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, rayon ağsaqqalları və gəncləri iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tamaşadan öncə çıxış edən həkim psixiatr-narkoloq və yazıçı Asif Kəngərli narkomaniyanın səbəbləri, törətdiyi fəsadlar, yaratdığı problemlər, insanların həyat və sağlamlığına mənfi təsirləri haqqında geniş məlumat vermişdir. O, narkomaniya, alkoqolizm və tabakomaniya mövzusunda qələmə aldığı pyes və hekayələr toplusundan ibarət “Bəla” adlı kitabını tamaşaçılara təqdim edərək bu kitabın da gənclərin maariflənməsində yardımçı olacağını qeyd etmişdir.
Daha sonra bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda müstəqil “Səhnə” teatrının “Qaranlıqdan işığa” adlı tamaşası nümayiş olunmuşdur. Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.
Səhnə əsərinin müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Rollarda Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza çıxış etmişlər.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan tamaşadan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək təşkilatçılara və “Səhnə” teatrının kollektivinə təşəkkürünü bildirmişdir. O, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, törətdiyi faciələr barədə gənclərə dəyərli məlumatlar vermişdir. Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bildirən RİH başçısı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklərə qarşı mübarizə ilə bağlı qəbul olunmuş Dövlət Proqramlarının icrasından danışmışdır. Gənclərin məhz nəzarətsiz mühitin təsirinə düşməsi səbəbindən bu yola qurşanmasını qeyd edən RİH başçısı maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etməsini də diqqətə çatdırmışdır.
Keçidlər