Avqustun 22-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Mirzəağa Əliyev adına Mədəniyyət Evinin və Səməd Mənsur adına Mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirilmişdir
22 avqust 2022 | 16:10
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri, YAP Suraxanı Rayon təşkilatının sədr müavini, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, mədəniyyət müəssisələrinin nümayəndələri, rayon sakinləri, gənclər və ziyalılar iştirak etmişlər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açıq elan edən Günay Firudinqızı qonaqları salamlamış, Aybəniz Haşımovanı doğum günü münasibətilə təbrik etmiş, daha sonra sənətçinin həyat və yaradıcılığına həsr edilmiş video-çarx nümayiş olunmuşdur.
Qonaqlar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanan görüşdə 1968-ci ilin bu günündə Gəncə şəhərində dünyaya göz açan Azərbaycan Respublikasının əməkdar artisti, "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz xanımın sənət yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışılmış, onun həyat və yaradıcılığı ilə bağlı suallar cavablandırılmış, səmimi söhbətlər aparılmışdır. Həmçinin, sənətçinin və şagirdlərinin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulamış və Aybəniz Haşımovanı doğum günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırmışdır. RİH başçısı ölkə başçımız cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlətimiz tərəfindən mədəniyyətimizin tərəqqisinə böyük diqqət göstərildiyini də qeyd etmişdir. O, bildirmişdir ki, bu gün ölkəmizdə mədəni həyatın inkişaf etdirilməsi istiqamətində davamlı layihələrin həyata keçirilməsi, rayon və şəhərlərdə mədəniyyət evlərinin, kitabxanaların müasir standartlara uyğun inşası, əsaslı təmir və bərpa edilməsi dövlətimiz tərəfindən mədəniyyətimizə verilən dəyərin ən böyük ifadəsidir. Eyni zamanda Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində təşkil olunan "Xarıbülbül festivalı", "Vaqif poeziya günləri"ndən bəhs edən Ə.Əzizov Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı sayəsində azadlığına qovuşan Şuşa torpağında keçirilən belə mədəni tədbirlərin milli ruhumuzun, tariximizin, mədəniyyətimizin, poeziyamızın qızıl səhifələrinə yazıldığını bildirmişdir.
Milli Məclisin deputatı Etibar Əliyev, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova çıxış edərək uzun illər sənətdə olan Aybəniz Haşımovanın yaradıcılığına verdikləri dəyərdən danışmış və onu doğum günü münasibətilə təbrik etmişlər.
Aybəniz Haşımova isə öz növbəsində tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib. Görüşün sonunda xatirə şəkilləri çəkilib.