Avqustun 19-da Suraxanı rayonu, Əmircan qəsəbəsində Şəhidimiz kapitan Əliyev Xəyyam Əlixan oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
19 avqust 2022 | 09:28
Açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, RİHB-nin müavini Könül xanım Axundova və şöbə müdirləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, rayon ictimaiyyəti, eləcə də Dövlət Sərhəd Xidmətinin uçuş heyyətinin üzvləri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz Xəyyam Əliyevin Vətən müharibəsində Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuşdur. Xəyyam kimi qəhrəmanlarımızın sayəsində bu gün xalqımız qürurludur, başımız dik, alnımız açıqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti, ordumuzun qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda qorxmadan həlak olmağı bacaran məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut etdi. O, qeyd etmişdir ki, bu gün dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
RİH başçısı bir daha diqqətə çatdırdı ki, bir neçə gün öncə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şəhidimiz kapitan Xəyyam Əliyev Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Tədbirdə çıxış edən digər iştirakçılar da hər bir qarışı bizə əziz olan Vətən torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq göstərən, öz milləti, yurdu, eli uğrunda canını düşmən gülləsinə sipər edən Şəhidlərimizə rəhmət diləmişlər.