Avqustun 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirmişdir
18 avqust 2022 | 16:35
Ə.Məmmədov adına 101 saylı tam orta məktəbin akt zalında 130 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin 17 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər Ordumuzun yaratdığı və yazdığı Qələbə salnaməsinin əsasını qoydu. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ölkəmizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti, quruculuq və bərpa işləri Azərbaycanın öz gücünə aparılaraq dayanmadan genişlənir. Hava limanları inşa edilərək istifadəyə verilir, dəmir yolları, avtomobil yolları çəkilir, elektrik stansiyaları tikilir və digər infrastruktur layihələri həyata keçirilir. Ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərinin və təməlqoyma, açılış mərasimlərində iştiraklarının hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri var. Bu gün Şanlı qələbəni qanı-canı bahasına qazanan şəhidlərimizin ailələri,
eləcə də qazilərimiz dövlət qayğısı ilə əhatə olunmuşdur. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinin və qazilərimizin problemlərinə həssaslıqla yanaşaraq həllinə nail olmaq hər birimizin vətəndaşlıq borcudur.
Həmçinin RİH başçısı Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat vermişdir.
Milli Məclisin deputatı Afət xanım Həsənova çıxışında bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində rayon rəhbərliyi ilə birgə tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlərin qaldırıldığını vətəndaşların nəzərinə çatdırmışdır.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.