Avqustun 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Bülbülə qəsəbəsinin sakinləri ilə keçirmişdir
11 avqust 2022 | 16:46
226 №-li tam orta məktəbdə 200 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edərək son illər ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır.
O, bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa nail oldu. Ölkə başçımız qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonlarla soydaşımızın sevgisini qazanan, 44 günlük İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu gün də ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti ilə Şanlı qələbəni qanı-canı bahasına qazanan şəhidlərimizin ailələri, eləcə də qazilərimiz dövlət qayğısı ilə əhatə olunmuşdur. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinin və qazilərimizin problemlərinə həssaslıqla yanaşaraq həllinə nail olmaq hər birimizin vətəndaşlıq borcudur.
Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.