Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 5-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib

05 aprel 2023 | 15:02
Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə aprelin 5-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində baş tutan konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, RİHBA-nın şöbə müdirləri, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova qeyd edib ki, Azərbaycan tarixinin və Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsində bu müsabiqə xüsusi əhəmiyyət daşıyır Belə ki, şagirdlərdə müstəqil araşdırmaçılıq qabiliyyəti və sərbəst düşüncə vərdişləri daha yaxşı formalaşmalaşır. Bu il də Suraxanı məktəbliləri arasında güclü rəqabət gedir. Sevindirici bir haldır ki, şagirdlər verilən mövzular üzrə ən xırda incəliklərə, xüsusən də Ümummilli lider Heydər Əliyevin son dərəcə zəngin olan həyat və fəaliyyətinin öyrənilməsinə böyük maraq və səy göstərirlər. Bu da Ümummilli Liderimizə olan bağlılığın bariz bir nümunəsidir.
Daha sonra məqalə-yazı müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verilərək qeyd olunub ki, müsabiqənin ilkin mərhələsi rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə 1-10 mart 2023-cü il tarixlərində təşkil olunaraq yekunlaşmışdır. Məktəbdaxili müsabiqələrdə hər məktəbdən ən azı 5 nəfər olmaqla, ümumilikdə 100-ə yaxın şagird rayon müsabiqəsinə keçmək üçün seçim mərhələsinə vəsiqə qazanıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində təşkil olunmuş müstəqil komissiya üzvləri 100 nəfərə yaxın şagirdin məqalə-yazıları ilə əvvəlcədən tanış olub. Nəticədə münsiflər heyətinin ümumi qərarı ilə 25 nəfər şagirdin məqalə-yazısı ikinci seçim mərhələsinə keçmək üçün uğurlu hesab edilib.
Yekun olaraq, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin, məktəb müəllimlərinin, münsiflər heyətinin və 25 nəfər şagirdin iştirakı ilə 17 mart 2023-cü il tarixində keçirilmiş elmi-praktik konfransın rayon mərhələsində 25 nəfər şagirdin məqalə-yazıları dinlənilib, ümumilikdə 5 mövzu üzrə 10 nəfər şagirdin seçilərək Suraxanı rayonu üzrə yekun elmi-praktik konfransda iştirakı nəzərdə tutulub.
Sonra isə 5 mövzu üzrə seçilmiş 10 şagird məqalə-yazıları hazırladıqları slaydlarla təqdim ediblər.
Təqdimatlardan və bədii hissədən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlər arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, onlarda elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. O, Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qayğısından, eləcə də Ümummilli Liderin davamçısı olan Prezident cənab İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən və əldə olunan uğurlardan danışıb.
Sonda keçirilən referat müsabiqəsinin rayon mərhələsinin fərqlənən şagirdləri rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təltif olunub və onlar mükafatlandırılıblar.
Keçidlər