Aprelin 13-də Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup Suraxanı rayon məktəblilərinin Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ekskursiyası təşkil olunub
13 aprel 2023 | 09:42
Ekskursiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.
Azərbaycan İlahiyyyat İnstitutunun rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Rektor İlahiyyat İnstitutunda mövcud ixtisaslar, keçilən fənlər, tələbələrə dəstək xidmətləri haqqında geniş məlumat verib.
A.Şirinov Azərbaycan müstəqillik qazandıqdan sonra, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət-din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımların Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, ölkəmizin dini mühitində mövcud olan sabitlik xarici dövlətlər tərəfindən tədqiq edilir və nümunə göstərilir. Aİİ rəhbəri xarici qüvvələrin mövcud sabitliyimizi pozmaq cəhdlərinin qarşısının qətiyyətlə alındığını və xalqımızın belə qüvvələrə qarşı birlikdə mübarizə apardığını və bundan sonra da aparacağını diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edərkən rektor qeyd edib ki, ali təhsil müəssisəsində mənəvi sərhədlərimizin keşiyində duracaq gənclərimiz yetişir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyətindən, məqsədyönlü fəaliyyətindən bəhs edib. Bildirib ki, gənclərimizin yad qüvvələrin təsirindən qorunması üçün belə ali təhsil müəssisəsinin olması vacib idi. Ölkə rəhbərliyinin gənclərimizin milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda böyüməsi üçün dövlət-din münasibətlərinin inkişafı istiqamətində atdığı məqsədyönlü addımlar təqdirəlayiqdir.
Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb.
Daha sonra şagirdlər İnstitutun inzibati binası ilə tanış olublar.