Ermənistandakı siyasi böhran pandemiya dövründə daha da dərinləşir.
AzTV-nin Beynəlxalq Əlaqələr Departamentinin Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu
Vaxtilə Ermənistan əhalisinin önəmli hissəsinin böyük ümidlər bəslədiyi Nikol Paşinyan baş nazir olduğu iki il ərzində nəinki vədlərinə uyğun olaraq ölkəsinin ağır sosial-iqtisadi durumdan çıxması üçün təsirli addımlar atmayıb, əksinə, bir-birinə zidd qərarları və davranışları ilə vəziyyəti daha da mürəkkəbləşdirib.
Hakimiyyətə gələn kimi, Paşinyanın ilk addımlarından biri keçmiş prezidentlərin, onlara yaxın dairələrin həbsi və cinayət işlərinin açılması oldu. Yeni hökumət bu addımları korrupsioner oliqarxların, vəzifəsindən sui-istifadə etmiş şəxslərin məsuliyyətə cəlb olunması kimi izah etməyə çalışsa da hadisələrin sonrakı gedişatı – Paşinyanı tənqid edən media qurumlarına basqınlar, jurnalistlərin həbsi və s. – təqiblərin, əslində, özünü “demokrat” kimi qələmə verən baş nazirin qisasçılıq hissindən və öz siyasi rəqiblərini zərərsizləşdirmək niyyətindən irəli gəldiyini göstərdi.
Dünyanı cənginə alan COVİD-19 böhranı isə Ermənistanın siyasi sisteminin çürüklüyünü üzə çıxardı. Bu vaxta qədər Paşinyan hökuməti ölkədəki bütün problemləri özündən əvvəlki hakimiyyətin mirası adlandıraraq öz uğursuzluğunun məsuliyyətini də əvvəlki rejimlə bölüşməyə çalışırdı. Lakin bütün dünya üçün yeni bir problem olan koronavirus pandemiyası ilə mübarizədə Ermənistan hakimiyyəti özünün səriştəsizliyini nümayiş etdirdi. Cənubi Qafqaz Regionunda ən az əhalisi olan Ermənistan yoluxma və ölüm sayına görə irəlidə gedir, bir milyon nəfərə düşən xəstə sayına görə isə dünyada qabaqcıllar sırasındadır. Əlbəttə ki, dünyada pandemiya şəraiti davam edir və bəzi ölkələrdə artıq ikinci dalğanın əlamətləri özünü göstərir. Lakin bugünədək xəstəliyin birinci dalğasının əksər ölkələrdə yayılma sürəti və yoluxma sayı məhz yerli hökumətlərin atdığı addımların effektivliyinin göstəricisi kimi qəbul edilir. Bu baxımdan Ermənistan hökuməti ən pis nəticə göstərənlər sırasındadır.
Təsadüfi deyil ki, Paşinyan hökumətinin ötən illərdəki uğursuzluğunun davamı olaraq hazırkı pandemiya vəziyyətini idarə edə bilməməsi Ermənistanda böyük narazılıqlara və baş nazirin istefasını tələb edən çağırışların artmasına gətirib çıxardı. Paşinyanı tənqid edənlər arasında onun keçmiş tərəfdaşı, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan öz müxalifyönlü çıxışından dərhal sonra həbs olunaraq 3 il əvvəl törətdiyi qanunsuzluğa görə məsuliyyətə cəlb olundu. Bu hadisə bir daha Paşinyanın səlahiyyətlərindən və qanunlardan müxalifətə və siyasi rəqiblərinə qarşı istifadə etdiyini sübuta yetirdi.
Ermənistan hakimiyyətinin pandemiya şəraitindən istifadə edərək müxalifətə təzyiqləri artırmasına bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Mərkəzçi Demokrat İnternasionalı bu yaxınlarda yaydığı bəyanatında etiraz edib.
Ermənistanda siyasi və sosial-iqtisadi gərginliyi artıran ən mühün amil isə ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qeyri-konstruktiv mövqedir. Paşinyanın bir-birinə zidd və danışıqların gedişatına zərər vuran bəyanatları Ermənistanın özündə belə birmənalı qarşılanmadı. Onun danışıqların formatını dəyişmək cəhdləri isə istər Azərbaycanın, istərsə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin qəti şəkildə qarşı gəlməsi ilə iflasa uğradı.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bu il keçirilən qondarma “prezident” və “parlament” seçkiləri isə hətta bir sıra ermənipərəst siyasi dairələr tərəfindən də tənqid olundu. Bir neçə gün əvvəl isə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti hüquqi zərbə oldu. Çünki həmin bəyanatla Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Bəyanatda magistral yolun çəkilişi üçün Ermənistanın Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almaması beynəlxalq hüququn pozulması kimi qəbul edilir.
Ermənistanın diplomatik məğlubiyyətinin mərkəzində isə Prezident İlham Əliyevin şəxsən bütün yüksək tribunalardan Ermənistanın işğalçı, neonasist mahiyyətini ifşa edən və Paşinyanın absurd ittihamlarını alt-üst edən çıxışlar etməsi oldu. Bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında açıq debat şəklində keçirilən müzakirədə isə Azərbaycan prezidentinin tutarlı arqumentləri qarşısında Ermənistan rəsmisinin aciz qalması mənzərəsi Azərbaycanın haqq mövqeyini bir daha dünyaya nümayiş etdirdi.
Son olaraq iyunun 18-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçı mövqeyini hüquqi müstəvidə əsaslandıraraq, ona müqavimət göstərmək istəyən Paşinyanın faktlar əsasında cavabını verib.
Paşinyanın Azərbaycan Prezidenti ilə hər qarşılaşmada siyasi savad, tarixi bilgilər və məntiq çatışmazlığı nümayiş etdirməsi Ermənistanda ona qarşı əlavə ikrah və qəzəb hissi yaradır. Artıq Ermənistan əhalisi Paşinyanın şəxsi və peşəkarlıq keyfiyyətlərinin üzərinə götürdüyü vəzifəni yerinə yetirməsi üçün yetərli olmadığını anlayır. Digər tərəfdən isə ölkə iqtisadiyyatı geriləməkdə, əhalinin sosiamaddi durumu pisləşməkdə, cəmiyyətdə və orduda cinayətkarlıq artmaqdadır. Belə olan halda Ermənistanda yeni etiraz dalğalarının yüksələcəyi, siyasi böhranın daha da dərinləşəcəyi qaçılmazdır.