15 İYUN QURTULUŞ GÜNÜ TARİXİN ŞANLI SƏHİFƏSİDİR!
226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva:
Azərbaycanın dahi xilaskarı və müdrik rəhbəri Heydər Əliyev XX əsrin böyük tarixi şəxsiyyətidir. Görkəmli dövlət xadimi, böyük siyasətçi, Ulu Öndər Heydər Əliyev mənalı həyatını müstəqil Azərbaycana həsr edib. O, yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, xilaskarı və müdrik rəhbəridir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin anlarında xalqa dayaq oldu. Məlumdur ki, 1993-cü ilin iyununda ölkəmizdə daxili sabitlik pozulmuş, xarici təzyiqlər və daxili çəkişmələr xalqı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda 1988-ci ildən başlayaraq mənfur ermənilərin Azərbaycana qarşı açıq müharibəyə başlaması nəticəsində tarixi torpaqlarımız olan Xocalı, Şuşa, Laçın, Kəlbəcər işğal edilmiş, yurd təəssübkeşi çəkən qeyrətli qəhrəman oğullarımız şəhid olmuş, dinc sakinlər isə xüsusu amansızlıqla qətlə yetirilmişdi. Belə bir vəziyyətdə Azərbaycan Xalq Cəbhəsi və Müsavat Hökumətinin təmsil olunduğu hakimiyyətə qarşı xalqın inamı getdikcə daha çox sarsılırdı. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun başçılığı altında baş verən hərbi qiyam ölkədə böyük böhrana səbəb oldu. O zaman hökumətin qiyamçıları tərksilah etmək missiyası da iflasa uğrayır. Ən acınacaqlısı isə qiyamçıların tələbi ilə hökumət istefaya göndərilir. Azərbaycanın o dövrdəki hakimiyyəti döyüş səngərində torpaqlarımızı qoruyan əsgərlərimizin şəhid olmasına göz yumur, torpaqlarımızın işğala məruz qalmasını düşünməyərək, büsbütün vətənə və xalqa xəyanət edirlər. Onları Qarabağ müharibəsində yaxınlarını itirən anaların və körpə balaların ah-nalələri, eləcə də insanların doğulduğu yurdlarından didərgin düşməsi əsla narahat etmir. Azərbaycan xalqı belə ağır zamanda nicat yolu taparaq, artıq öz düzgün seçimini edir. Xalq düşünür ki, ölkəni xaosdan, baş verəcək vətəndaş müharibəsindən yalnız Heydər Əliyev dühası xilas edəcəkdir! Hətta ölkə prezidenti vəzifəsini icra edən Əbülfəz Elçibəy də çıxılmaz vəziyyətdə qalaraq, Heydər Əliyevə müraciət edir. Uzaqgörən xalqımız düzgün mövqe nümayiş etdirərək, tezliklə Heydər Əliyevin Azərbaycan rəhbər təyin edilməsinə yekdilliklə qərar verir. Məhz xalqın təkidi ilə görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edilir. Daha sonra Gəncədə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müxalif qüvvələrlə danışıqlar aparılır ki, dövlətçiliyimizi məhv olmaqdan xilas etmək naminə qarşıdurma və vətəndaş müharibəsi baş verməsin. 1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin sessiyasında Ali Sovetin sədri seçilir. Həmin möhtəşəm gündə Ulu Öndər Milli Məclisdə çıxış edərək, Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını xalqa elan edir. Beləcə, Ulu Öndər Heydər Əliyevin 15 iyunda Bakıya qayıdışı tarixi günə çevrilir. Bu qayıdış milyonlarla azərbaycanlının ümidlərinin, inamının təntənəsi və böyük Vətən oğluna olan sonsuz məhəbbətin təzahürü idi! Unutmayaq ki, bu qayıdış Azərbaycanın dövlət müstəqilliyinin itirilməməsi naminə baş vermişdi! 1993-cü il iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Əbülfəz Elçibəy Bakinı tərk etdiyinə görə Milli Məclisin qərarı ilə Heydər Əliyevə Azərbaycan Respyblikası Prezidentinin səlahiyyətləri verilir. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə qayıdışından sonra qarşıda hələ görüləsi mühim işlər - dövlət müstəqilliyinin təmin olunması, xalqı düçar olduğu müharibədən sülh, danışıqlar yolu ilə qurtarmaq üçün daxili və xarici siyasəti həyata keçirmək dayanırdı. Belə təlatümlü günlərdə Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində müdafiə nazirinin müavini Əlikram Hümbətovun Lənkəranda qondarma “Talış-Muğan Respublikası” qurulmasının, şimal ərazisində seperatçı qüvvələrin qarşısı da vaxtında alınır. 1993-cü il oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa zamanda Ulu Öndər Heydər Əliyev siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi ilə ölkədəki böhrana son qoydu, Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi bütün dünyada tanınır, Onun həyata keçirdiyi geniş miqyaslı islahatların nəticəsidir ki, Azərbaycan bu gün inkişaf yolu ilə irəliləyir. Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət sayəsində Azərbaycan dünyanın aparıcı dövlətləri sırasında layiqli yerini tutub. Ulu öndər Heydər Əliyevin ideyaları hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilərək, yeni-yeni uğurlara da yol açır. Unutmayaq ki, 1993-cü ilin 15 iyunu – şanlı tariximizə əbədi yazılmaqla bərabər həm də xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən rəsmi bayram kimi qeyd olunur. Həqiqətən də, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdış günü Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı oldu. Milli Qutuluş günü həm də yeni Azərbaycanın qurulmasının təməlidir, desək yanılmarıq. Çünki, həmin tarixdən başlanan yol gecəsini gündüzünə qataraq xalqını işıqlı gələcəyə aparan dahi rəhbər Heydər Əliyevin bütün dövrlərin siyasi xadimi və böyük şəxsiyyət olmasını bir daha sübut etdi. Bəli, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri və onun ölməz ideyaları bəşəriyyət durduqca yaşayacaq, xalqımızın daimi and və inam yeri olacaqdır.