Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu üçün 2014-cü ilin 1-ci rübünün yekunları uğurlu olmuşdur

19 aprel 2014 | 15:00

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir.
Şura iclasında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  dövlət başçısının nitqinin bəzi məqamlarına toxundu, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırdı. Bildirildi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı  dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi  qəbul olunmuşdur.
Rayon rəhbəri qeyd etmişdir ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir.
2014-cü  ilin 1-ci rübü ərzində   rayonda sənaye   məhsulunun   istehsalı   74,4 milyon, tikinti-quraşdırma işləri 40,8 milyon, nəqliyyat xidmətləri 4,6 milyon, əsas kapitala yönəldilən investisiyalar 12,1 milyon manat, orta aylıq əmək haqqı 589 manat olmuş, pərakəndə ticarət dövriyyəsi 2,4% artaraq 59,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5% artaraq 64,2 milyon manat olmuş, 926 yeni iş yeri açılmış, 4,1 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Bu dövr ərzində Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilmiş, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının salınması, “Gənclər evi”nin, 84 saylı məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 104 saylı məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi, 5, 262 saylı və Qasım Qasımov adına uşaq bağçalarında, 282 saylı məktəbdə əsaslı təmir işləri davam etdirilmiş, 87, 114, 140 saylı məktəblərdə əsaslı təmir işlərinə, 118 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, yeməkxana, idman və akt zalının, 146 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, idman və akt zalının tikintisinə, Yeni Suraxanı qəsəbəsində mini futbol meydançasının əsaslı təmirinə başlanılmış və işlər davam etdirilir.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı, 100 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur  qəsəbəsində  növbəti kredit yarmarkası keçirilmiş, 19 sahibkarlıq subyektinə 6,6 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 1,2 ha olan müxtəlif ölçülü  gölməçələr qurudulmuş,  lay suları və neftlə çirklənmiş 1,94 ha torpaq sahəsi rekultivasiya edilmiş, 11 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə kimi  Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 46,0 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 12,5 mindən artıq istifadəçi faydalanmışdır.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” adlı mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatının lektoriya zalında rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslər tədris olunur. Artıq 1450 şagirdin iştirak etdiyi 7 açıq dərs keçirilmişdir. Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə eyni zamanda yanvar ayından başlayaraq ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
         İlqar Abbasov qeyd etmişdir ki, əhalinin tibbi müayinəsi uğurla davam edir. 1 aprel tarixə 90 minə yaxın vətəndaş və 93-dən çox kollektiv pulsuz tibbi müayinədən keçmiş,  2500 nəfərdə müəyyən xəstəlik aşkar olunmuş və 200 nəfər sakin stasionar müalicəyə götürülmüşdür.
Vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi işi daim rayonun dövlət orqanlarının diqqət mərkəzindədir.
           2014-cü ilin 1-ci rübü ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 532 ailəyə yeni sosial müavinət,  568 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, ümumiyyətlə 2787 ailə sosial yardım, 6865 nəfər sosial müəvinət sistemi ilə əhatə olunmuş, 239 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bu dövr ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 405,5 min manat vəsait toplanmış, artım 14,5% olmuş, 27366 nəfər təqaüdçüyə xidmət göstərilmiş və 15,1 milyon manatdan artıq pensiya ödənilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu dövr ərzində rayon əhalisinə  170 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
    Ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir.
2014-cü ilin 1-ci rübü ərzində  RİH-ə 1139 vətəndaş müraciəti daxil olmuş, müraciətlərin böyük hissəsi fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, layihələrinin təsdiqi, tikintisinə icazə, ilkin hüquqi qeydiyyata alınması, maddi köməklik göstərilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması və işıqlandırılması, məişət zəminində mübahisələr, kommunal xidmətlərə görə ödənişlərdən azad olunması və s. məsələlərlə bağlı olmuşdur.
Sakinlərlə yerlərdə səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, 2014-cü ilin 1-ci rübündə 533 nəfər sakinin  iştirakı ilə 8 səyyar görüş-qəbul keçirilmiş RİH-də  515 nəfər vətəndaş, o cümlədən RİH başçısı tərəfindən 146 nəfər vətəndaş qəbul edilmişdir.
RİH-də yaradılmış Operativ idarəetmə mərkəzinin, Heydər Əliyev parkında və Qaraçuxur qəsəbəsində yerləşdirilmiş elektron lövhələrin imkanlarından geniş istifadə edilməsi davam etdirilmişdir.   Rayon İcra Hakimiyyətinə daxil olan və  göndərilən sənədlərin 2009-cu ildən tətbiq olunmuş “Elektron icraçı” Avtomatlaşdırılmış İdarəetmə Sisteminə yerləşdirilməsi davam etdirilmişdir.    
İlqar Abbasov vurğulamışdır ki, 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan olunması ölkəmizin, o cümlədən Suraxanı rayonunun sənaye potensialının davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq, bununla da əhalinin həyat səviyyəsi daha da yaxşılaşacaqdır.
Məruzə ətrafında çıxışlar olmuşdur. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq tədbirləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.

Keçidlər