Suraxanı rayonunda “Təhsildə vətənə, millətə, dövlətə sədaqət ruhunda tərbiyə” mövzusunda tədbir keçirilmişdir
16 aprel 2014-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 327 saylı tam orta məktəbin konfrans zalında “Təhsildə vətənə, millətə, dövlətə sədaqət ruhunda tərbiyə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon məktəbliləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, təhsildə vətənə, millətə, dövlətə sədaqət ruhunda tərbiyə - hər uç model, əsasən, hədəflərə görə fərqlənir. Əslində isə hədəf birdir, onların paralel və qarşılıqlı əlaqələndirmə şəklində inkişaf etdirilməsi, bir-birini tamamlaması Azərbaycan cəmiyyəti və Azərbaycan məktəbi qarşısında duran problemləri həll etməyin stimullarıdır. Bu gün dövlət qurumu olaraq bizim əsas missiyamız şagirdlərin təlim-tərbiyə prosesində maraqlı olan tərəfləri – (şagirdlər, valideynlər, müəllimlər, icmalar, hökumət qurumları) bir araya gətirərək onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə, məktəblərimizin, digər təhsil müəssisələrimizin uşaqların təhsili və tərbiyəsi, inkişafı naminə sağlam, müdafiəli və təhlükəsiz mühitə çevrilməsinə yönəltməkdir.
Sağlam ailələrdə gələcəyimizin sağlam ruhlu övladları, gələcəyimizin sağlam bədənli, vətənpərvər vətəndaşları yetişməlidir.
Sevinc Hüseynova xüsusi vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilə qayğısı ölkəmizin gələcək inkişafının və sağlam cəmiyyətin formalaşmasının təminatıdır. Təhsildə sağlam mühit, təlimdə keyfiyyət, tədrisdə məsuliyyət hər bir təhsil işçisinin gündəlik devizi olmalıdır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərindən biri olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin bu ruhda tərbiyəsi həmişə təlim-tərbiyə işinin mühüm istiqaməti, məktəbin ən vacib vəzifələrindən olub.
Tədbirdə çıxış edən Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova, Suraxanı rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Qiyam Nəbiyev, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Almaniyanın Tibb Universitetində təhsil alan tələbə, 290 nömrəli məktəbin məzunu Əziz Mikayılov, 226 saylı tam orta məktəbin direktoru Əli Məmmədov müasir təhsil və təlimdə gedən proseslərdən, müasir texnologiyanın tədris sistemində səmərəli tətbiqindən, sosial şəbəkənin təsirindən, şagirdlərin dərslərdən yayınması səbəblərindən, məktəb-ailə münasibətlərindən, məktəblilərin zərərli vərdişlərə, dinə melliliyin artmasından, təhsil və tərbiyə sistemində yaranan nöqsanlar və onların aradan qaldırılması yollarından ətraflı danışdılar. Çıxışlarda ayrı-ayrı hallar üzrə aparılan təhlillər və konktet təkliflər səsləndı.
Tədbiri yekunlaşdıran Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə açıq dərslər uğurla tədris olunur. Dərslərdə Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə yanaşı şagirdlərin diqqətinə çatdırılır ki, bu gün Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz 11-ci ildir özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.