Suraxanı rayonunda 11-ci sinif şagirdlərinə Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi uğurla davam edir
14 aprel 2014-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclasında “Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında rayonun 11-ci sinif şagirdlərinə Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi haqqında” məsələ müzakirə olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.
Şura iclasını açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslər tədris olunur. Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularının cari ilin fevral-may aylarında 11-ci sinif şagirdlərinə tədris olunması üçün rayonun bütün məktəblərini əhatə edən qrafik tərtib edilmiş və dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir.
Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Ulu Öndərin zəngin irsinin gənclərə, yuxarı sinif şagirdlərinə tədrisinin çox böyük əhəmiyyəti var.
Daha sonra Şura iclasında məruzə ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirdi ki, ilk dərs 17 fevral 2014-cü il tarixdə tədris olunmuşdur. Mərkəzdə dərslərin tədrisi zamanı ana ekranda dərs müvafiq foto-video materiallarla tədris olunarkən quraşdırılmış ekranların birində memarı və qurucusu Ulu Öndər olan Müstəqil Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bugüngü sosial-iqtisadi inkişafdan, aparılan abadlıq və quruculuq işlərindən, digər ekranda isə Suraxanı rayonunda gedən abadlıq və quruculuqdan bəhs edən materiallar şagirdlərin diqqətinə çatdırılır. Canlı diskusiya şəklində keçilən dərslərdə şagirdlərin çoxsaylı sualları cavablandırılır. Açıq dərslərdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılır. Dərslər Mərkəzin sifarişi ilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət – Heydər Əliyev” filminə baxışla yekunlaşır.
1 mart - 14 aprel tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında 4, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında 5 dərs keçirilmişdir. Bu dərslərə rayonun bütün məktəblərinin və rayonda fəaliyyət göstərən məcburi köçkün məktəblərinin 11-ci sinif şagirdləri cəlb olunmuşdur. Dərslərdə 1650 şagird iştirak etmişdir. Keçirilən açıq dərslər yuxarıda qeyd olunan formada tədris olunur, xüsusi hazırlanmış foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılır. Aprel ayının qalan günlərində 1000 şagirdi əhatə edəcək 4, may ayında isə 1450 şagirdi əhatə edəcək 7 açıq dərsin keçirilməsi nəzərdə tutulmuşdur. Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi ilə keçirilən açıq dərslər televiziya kanallarında və mətbuatda işıqlandırılır.
Sevinc Hüseynova Şura üzvlərinin diqqətinə çatdırdı ki, Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə eyni zamanda yanvar ayından başlayaraq ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir. Bu dərslər 2013-2014-cü tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaq.
Dərslərdə Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə yanaşı şagirdlərin diqqətinə çatdırılır ki, bu gün Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - qiymətini alan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 11-ci ildir özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Şura iclasında çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Sülüymanov, 85 nömrəli tam orta məktəbin direktoru Maqsud Əhmədov 114 nömrəli tam orta məktəbin müəllimi Fatimə Zülfüqarova, 87 nömrəli tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsidə açıq dərslərin əhəmiyyətindən danışdılar.
Şura iclasını yekunlaşdıran İlqar Abbasov Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında rayonun 11-ci sinif şagirdlərinə Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi üzrə açıq dərslərin tədrisinə dair müvafiq tövsiyələrini verdi.