Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib

14 aprel 2014 | 15:00

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir.
Bu gün Ulu Öndərin ekoloji siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Suraxanı rayonunda ətraf mühitin mühafizəsində mühüm rol oynayan davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur. Növbəti ağacəkmə kampaniyası Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gedən yolun kənarında mədən ərazisində keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu dəfəki ağacəkmə kampaniyasında rayon rəhbəri İlqar Abbasovun, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə müəssisələrinin və sakinlərin iştirakı ilə müvafiq təmizləmə (rekultivasiya) işləri aparılmış mədən ərazisində 1500-dən yuxarı ağac əkilmiş, ətraf ərazilər məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması, mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin dəstəyi ilə ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə rayonun bütün qəsəbələrində vaxtaşırı ağacəkmə kampaniyası keçirilir, yüzlərlə ağac əkilir, təmizlik və abadlıq işləri aparılır. Son dövrdə rayonda 10 mindən yuxarı ağac əkilmişdir.
Qeyd etmək yerinə düşər ki, rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri mütəmadi davam etdirilir, ARDNŞ və iri özəl neftqazçıxarma müəssisələri tərəfindən neftlə çirklənmiş torpaqlarda görülmüş işlər nəticəsində  son bir ildə sahəsi 7,2 ha olan müxtəlif ölçülü 96 gölməçə qurudulmuş, mədən ərazilərində çoxlu sayda ağac və kol əkilmişdir.

Keçidlər