Azərbaycanın zəngin sənaye potensialı yeni istehsal sahələrinin qurulmasına zəmin yaradır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiya, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət Azərbaycan Respublikasının dünyaya uğurla inteqrasiya etməsinə möhkəm zəmin yaratmışdır. Bunun nəticəsində ölkənin iqtisadi qüdrətinin daha da artırılması, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Son illər dünyada baş vermiş qlobal böhranın mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, öz iqtisadi inkişaf tempini bərpa etməyə nail olmuş, irihəcmli valyuta ehtiyatları vasitəsilə iqtisadiyyatın yüksək maliyyə dayanıqlılığını təmin etmişdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, maliyyə-iqtisadi fəaliyyətdə şəffaflığı artırmaq və korrupsiyaya qarşı mübarizəni daim diqqət mərkəzində saxlamaq, büdcə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasını təmin etmək, xərclərin səmərəliliyinin yüksəldilməsi istiqamətində aparılan işlər öz bəhrəsini verir.
İqtisadiyyatı sürətli templərlə inkişaf edən respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətlərindən birinə çevrilmək istiqamətində iti addımlarla irəliləyir. Ölkəmizin geosiyasi əhəmiyyəti və nüfuzu yüksəlib, Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçib. Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. Son illərdə həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin diversifikasiyası genişləndirilmiş, yeni istehsal gücləri istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli müəssisələr yaradılmışdır.
Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı, Pirallahı Sənaye Parkı,Mingəçevir Sənaye Parkı, Neftçala Sənaye Məhəlləsi, Masallı Sənaye Məhəlləsi, Sabirabad Sənaye Məhəlləsi, Haçıqabul Sənaye Məhəlləsi, Alüminium İstehsalı Kompleksi və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda Gəmiqayırma zavodu, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işləri, Karbamid Zavodu, “SOCAR-Polymer” zavodu, Qaradağda Sement Zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır.
Ötən dövrdə ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmış, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda və Neftçalada avtomobil istehsalı, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panelləri, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulmuşdur. Bununla yanaşı, son illərdə güclü müdafiə sənayesinin qurulması istiqamətində mühüm layihələr icra olunmuş, qısa müddətdə bu sahədə 50-yə yaxın yeni istehsal sahəsi yaradılmışdır. Müdafiə sənayesi müəssisələri tərəfindən hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunmuşdur.
Ölkənin sənayeləşməsində ən maraqlı cəhət innovasiya yönümlü yeni texnologiyalara üstünlük verilməsidir. Azərbaycan internet şəbəkəsinin sıxlığına görə MDB və Mərkəzi Asiyada liderdir. Həmçinin kosmik sənayenin inkişafı bu gün ölkənin qarşısında dayanan mühüm vəzifələrdəndir. Ən böyük nailiyyətimiz isə “Azərspace-1” və “Azərspace-2” telekommunikasiya peyklərinin orbitə çıxarılmasıdır. Bununla da Azərbaycan dünyada az sayda ölkələrin üzv olduğu “kosmik klub”a daxil olub. Belə uğurlara yalnız iqtisadiyyatı güclü olan ölkələr nail ola bilirlər.
Bakıda və regionlarda toxuculuq, geyim istehsalı, dəri məmulatları və ayaqqabı istehsalı, kağız və karton istehsalı, mebel istehsalı, tikinti materialları istehsalı və digər qeyri-neft emal sənayesi sahələrində fəaliyyət göstərən yeni müəssisələr tikilib istifadəyə verilmişdir.
Azərbaycanda sənayenin gələcəkdə də inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Əlverişli investisiya mühiti, ixtisaslı kadr potensialı, yenilənmiş enerji və nəqliyyat infrastrukturu, xammal resurslarının mövcudluğu, beynəlxalq bazarlara çıxış və geniş maliyyə imkanları bu şərtlərin əsasını təşkil edir.
Dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynayır.
Ölkə başçısı tərəfindən aparılan iqtisadi islahatlar Suraxanı rayonundan da yan keçməmişdir. Suraxanı qədim zamanlardan etibarən neft hasil edən rayonlar sırasında olduğundan burada hasilatın fasiləsizliyinin təmin edilməsi üçün neft avadanlıqlarının təmiri, istehsalı, maşınqayırma sahəsinin inkişafı xüsusi yer tutur. Bundan başqa rayonda qeyri-neft sektorunun inkişafına böyük önəm verilir. Misal olaraq, ötən il“ATEF Şirkətlər Qrupu” MMC -də yüksək gərginlikli avadanlıqlar zavodunun işə salınması, Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi və s. göstərmək olar. Bununla yanaşı, rayonunun bir çox qəsəbələrində yol infrastrukturunun yenilənməsi, aztəminatlı ailələr üçün çoxmənzilli sosial evlərin tikintisi, abadlıq işlərinin aparılması, genişmiqyaslı yaşıllıqların salınması, parkların əsaslı təmir olunması, idman komplekslərinin tikintisi və s. geniş vüsət almışdır.
Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasət xalqımızın sağlamlığının qorunması üçün öz töhfəsini verir. Bu yaxınlarda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirakı Azərbaycanda tibbi sənayenin inkişafını daha aktual mövzuya çevirdi. Məhz cənab Prezidentin sahibkarlığa göstərdiyi qayğı və diqqəti nəticəsində, özəl sektorların sosial təşəbbüs göstərərək, dövlətin çağırışına dəstək verərək həm həkimlər, həm də vətəndaşlarımız üçün lazım olan vasitələri istehsal etməyə başlaması gücümüzün bir nöqtəyə vurduğunu bir daha sübut etdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən əhalinin mütəmadi olaraq məlumantlandırılması, qabaqlayıcı tədbir olaraq kütləvi toplanmaların qarşısının alınması, hərəkətin məhdudlaşdırılması, təcridetmə tədbirlərinə əməl edilməsi üçün müvafiq şəraitlərin yaradılması, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, xüsusi şəraitdə səhiyyə işinin təşkili, tibbi maskaların və qoruyucu kombinzonların istehsalı, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və s. bu çətin zamanda yoluxma hallarının artmasının qarşısının alınmasına və xalqın rifah halının saxlanılmasına yönələn tədbirlər icra edilmişdir. Bu səbəbdən, koronavirusla mübarizə ilə bağlı Respublikamızda görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir.
Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlətə, onun rəhbərinə olan etimadını daha da yüksəldir. Məhz buna görə də, geniş ictimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir və elə bu səbəbdən, hakimiyyət haqlı olaraq, ictimai dəstəyə arxalanır.
Azneft İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin direktoru
Cavanşir Allahverdiyev