Ölkə başçısının pandemiyaya qarşı mübarizə istiqamətində görülən sosial tədbirlər xalqımız tərəfindən və beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə minlərlə vətəndaşımızın xarici ölkələrdən təyyarələrlə vətənə gətirilməsi, işsiz insanlara, pandemiya ilə bağlı fəaliyyətlərini dayandırmış özəl sektor müəssisələrinə, sahibkarlara misli görünməmiş maddi dəstəyin verilməsi dövlət - xalq birliyinin möhkəmliyinə daha bir sübutdur.
“Biz birlikdə güclüyük!” devizi ilə yaranan milli həmrəyliyimiz dövlət başçısının zamanında atdığı qabaqlayıcı tədbirləri ilə bu qlobal böhrandan uğurla çıxmağa imkan verir. Pandemiya dövründə də “Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”, – deyən Prezidentimiz sosial tədbirləri ilə nəinki xalqımız tərəfindən, eləcə də beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Koronavirus infeksiyası ilə xəstələnmiş insanların müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda bir qəpik belə, xərcləmədən dövlət hesabına müalicə olunması, karantinə alınmış şəxslərin hər cür şəraitə malik çoxulduzlu otellərdə yerləşdirilməsi, lazımi xidmətlərin göstərilməsi, ölkədə şəxsi gigiyena qoruyucu vasitələrinin - yaşmaqların (maskaların), kombinizonların istehsalının yaradılması və sadalamaqla bitməyən daha neçə sosial tədbirlərin həyata keçirilməsi ilə Azərbaycan yalnız həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Bakıda Modul tipli xəstəxana kompleksinin açılışında cənab Prezident İlham Əliyevin “Biz 10 dan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz, belə günlərdə, belə dövrdə insanların dа, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır. Ammа əməldə bunu göstərmək lazımdır. Biz о ölkələrdənik ki, əməldə bunu göstəririk” sözlərini söyləməsi dövlət başçımızın uzaqgörən siyasətindən, eləcə də xalqımızın çətinliyi olanı darda qoymamaq, imkansıza əl tutmaq, insanların dərdinə şərik çıxmaq kimi ali keyfiyyətlərdən qaynaqlanır. Koronavirusla mübarizə şəraitində insanlarımızın yaxşı nəyi varsa, onu bölüşmək, paylaşmaq xüsusiyyətləri daha bariz şəkildə özünü göstərdi. Heç kəs çətinlikdə, darda qalmadı, unudulmadı, ehtiyac çəkmədi. Pandemiya ilə bağlı müvəqqəti olaraq işini itirənlərə, işsiz vətəndaşlara, tənha qocalara ilk növbədə, dövlət özü kömək əlini uzatdı, yardım göstərdi. Bundan əlavə, insanların özü bir-birinə dəstək oldu. Əlbəttə, ilk təşəbbüs yenə də cənab Prezidentdən gəldi. Dövlət başçısı və xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əməkhaqqı məbləğlərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər. Dövlət başçısı ölkədə geniş vüsət almış yardım hərəkatını təqdirəlayiq hal kimi dəyərləndirərək, qeyd etmişdir ki, dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Həmrəyliyin təzahürlərindən biri də odur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər. Bütün bunlar bizim xalqımızın ən yüksək xüsusiyyətlərini göstərir - mərhəmət, imkansızlara diqqət, yardım, birlik, həmrəylik.
Bu həmrəylik özünü müxtəlif formalarda büruzə verdi. İmkanlı olanlar imkansızlara maddi dəstək göstərdilər. Elələri oldu ki, heç vaxt tanımadığı insanların evinə bağlama göndərdi, pay gətirdi. Gənclərimiz qocalara, xəstələrə evlərində baş çəkdilər, onlara ev işlərində, ərzaq alınmasında kömək etdilər. Belə humanist hərəkətlər bu gün də davam edir.
Bu gün “Biz birlikdə güclüyük” şüarının arxasında xəstələrin sağalması yolunda durmadan çalışan, ailə üzü görməyən həkimlərimizin, hər cür hava şəraitində küçələrdə asayişi qoruyan polis işçilərimizin, ahıl və tənha insanlara xidmət edən qeyrətli gənclərimizin fədakarlığı durur. Onların əməyi qədirbilən dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Məhz buna görə də Pandemiya ilə ön cəbhədə vuruşan həkimlərin, səhiyyə işçilərinin əmək haqqları ölkə rəhbərinin təşəbbüsü ilə artırılmışdır.
Bütün görülən sosial tədbirlərlə yanaşı ölkənin Birinci-vitse Prezidenti, vətən uğrunda canlarından keçmiş neçə igid şəhidlərimizin həyat yoldaşlarının, analarının, bacılarının, arxası, sirdaşı, dostu simvoluna çevrilmiş Mehriban xanım Əliyevanın bir övlad, bir həyat yoldaşı, bir ana, bir nənə kimi ürəkyanğısı ilə, qəlbinin dərinliklərindən süzülən sözləri ilə Xalqımıza-hər birimizə müraciəti sabahımıza olan ümidlərimizi, parlaq gələcəyə olan inamımızı daha da artırdı. Babalarımızdan yadigar qalma “El bir olsa, dağ oynadar yerindən” kəlamı sözün həqiqi mənasında Azərbaycan xalqının şərəfli tarixinin hər bir səhifəsində birlik, həmrəylik, şücaət rəmzini bir daha təsdiq etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində şəhid olan bir igidin həyat yoldaşı kimi mən şəxsən bu birliyi, bu həmrəyliyi “Mən hər kəsin Prezidentiyəm”deyən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü zamanı şəhid ailələrinin ünvanına dərin hörmət və ehtiram ifadə etmələrində bir daha hiss etdim.
Bir şəhid ailəsi olaraq biz də Prezidentimizin, pandemiya ilə əlaqədar gözlənilən fəsadların qarşısını alınması məqsədilə öncədən atdığı planlı, çox dəqiqliklə düşünülmüş, ölçülüb-biçilmiş addımlarını dəstəkləyirik, onun rəhbərliyi, iştirakı və təşəbbüslərilə görülən tədbirlərin xalqımızı tezliklə bu bəladan xilas edəcəyinə əminik.
Daşaltı əməliyyatında şəhid olan Veysəl Qasımovun həyat yoldaşı Mərziyə Qasımova