Könüllülük uğurlu karyeranın təməlidir
Dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülk ili” elan olunması gənclərə bəxş edilən ən böyük ruh yüksəkliyi oldu.
Ötən illərdə Azərbaycan könüllü gəncləri yaddaqalan uğurlara imza ataraq könüllülük hərəkatının Azərbaycan modelinin dünyaya örnək olduğunu sübut etdilər.Könüllülərimiz Avroviziya Mahnı Müsabiqəsi, Birinci Avropa Oyunları, Formula-1 yarışları, IV İslam Həmrəylik Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə böyük əmək sərf edərək əvəzsiz rol oynamışlar.
Ölkə başçısı cənab İlham Əliyevin ötən il verdiyi tapşırıq əsasında yerli və mərkəzi icra hakimiyyəti orqanlarında gənclərin könüllülüyə cəlb olunmasıyla yüzlərlə gənc dövlət idarəetməsi istiqamətində mühüm biliklərə yiyələnmiş və eyni zamanda gənclərin dövlət qulluğu sahəsinə maraqları daha da artmışdır.
Könüllü olmaqla insanın əvəzolunmaz bir hiss keçirdiyini mütləq şəkildə qeyd etməliyəm.Təmənnasız köməklik, qarşılıqsız fəaliyyət , yeni dostluq çevrəsi, daha təcrübəli insanlardan öyrənəcəyimiz dəyəri maddiyyatla ölçülməyəcək biliklər, vərdişlər, bacarıqlar və ən əsası mənəvi rahatlıq duyğusu insanda özünə inamı artırır və əsl vətəndaş kimi formalaşmaqda mühüm rol oynayır.
2019-cu ilin 5 dekabr tarixində Beynəlxalq Könüllülər ili münasibəti ilə Azərbaycanda “Könüllülük həftəsi” keçirilmiş və ölkə üzrə 15 mindən çox gənc təşkil olunmuş bir sıra tədbirlərdə iştirak etmişdir.
2020-ci ilin əvvəlindən dünyanı ağuşuna alan Covid-19 pandemiyası çox təəsüf ki, ölkəmizdən də yan keçmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı əsasında könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə pandemiya dövründə qan qıtlığının qarşısının alınması istiqamətində mühüm addım atılmış, gənc könüllülər donor olaraq yüzlərlə insanın həyatı üçün yarana biləcək təhlükənin qarşısını almışlar.
Dünyada olduğu kimi Azərbaycanda da 65 yaşdan yuxarı vətəndaşlarımızın evdən çıxmasının mümkün olmadığı bir vəziyyətdə böyük könüllülük hərəkatının gənc qəhrəmanları özlərini yetirdilər.Yüzlərlə yaşlı sakininin köməyinə “Böyüklərimizi qoruyaq !” devizi ilə çatan gənc könüllülər ,eyni zamanda dövlətimiz tərəfindən sosial dəstəyə ehtiyacı olan ailələrə ərzaqların paylanmasında da yaxından iştirak edərək “Biz Birlikdə Güclüyük!” şüarı altında birləşdilər.
6 aprel tarixindən etibarən başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylanılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin, bankomatlardan pensiyaların alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə bugünədək köməklik göstərməkdədirlər.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmamış, onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak etmişlər.
İllərin sınağından çıxan könüllülük hərəkatı ölkəmizdə artıq bir fəaliyyət sahəsi kimi deyil, gənclərin həyat tərzi kimi özünü bir daha təsdiq etdi.Pandemiya əlaqədar dəstək tədbirlərində, aksiyalarda gənclərin könüllülük hərəkatı bu gün “əsl dost” örnəyi göstərməkdədir.
2015-2019-cu illərdə “BİR” Tələbə Könüllülük Proqramının, 2017-ci ildə Formula-1,İslam Həmrəylik Oyunlarının, 2018-ci ildə ASAN Könüllüsü, 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin könüllüsü olaraq fəaliyyət göstərdikdən sonra könüllük istiqamətində beynəlxalq təcrübəni öyrənmək həvəsi ilə Erasmus+ Avropa Həmrəylik Korpusu Könüllülük Proqramı çərçivəsində , Türkiyə Respublikasında 2 ay əlil gənclərlə çalışmağa başladım.
2015-ci ildən bu günədək, könüllü kimi fəaliyyət göstərdiyim 6 ilin həyatımın ən gözəl illəri olduğunu mütləq şəkildə qeyd edərək gənclərə demək istərdim ki, könüllülük fərdi inkişafa böyük töhfələr verməklə yanaşı həm də uğurlu karyeranızın təməlidir!
Ülviyyə Mədətova, Könüllülük hərəkatının fəalı