Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək vətənə və dövlətə xəyanətdir!

16 may 2020 | 16:00

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək vətənə və dövlətə xəyanətdir!

Son zamanlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ardıcıl qərarları ilə kadr və struktur islahatlarının aparılması cəmiyyətdə ölkəmizin gələcək inkişafının zəmanəti kimi qəbul olunur. Bir sıra strukturların birləşdirilməsi, həmin qurumların rəhbər vəzifələrinə gənc kadrların təyin edilməsi dövlət başçısının mütərəqqi və inamlı addımlarından biri kimi xarakterizə edilir. Bu, yalnız ekzotik kadr islahatları kimi qiymətləndirilməməli, eyni zamanda vəzifə başına müasir təfəkkürlü gənclərin gətirilməsi, yeni siyasi, iqtisadi, mənəvi kolorit yaradılması kimi dəyərləndirilməlidir. Bu, həm də post-neft dövrü üçün hazırlıq mərhələsinə qədəm qoymaq deməkdir. Dünya artıq elə bir epoxaya qədəm qoyub ki, hər bir sahədə islahatlar aparılması qaçılmazdır. İslahatlar təkmilləşmə deməkdir, islahatlar texnologiyalar dövrünə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. İslahatlar da demokratiya kimi başlamalı, lakin bitməməlidir. İslahatlar zamanın diqtəsinə uyğun olaraq daima davam etməli və modernləşməlidir.
Əsl liderlik xüsusiyyətlərini özündə birləşdirib, gecə gündüz səylə, əzmlə çalışaraq xalqının inam və etimadını doğruldan, hələ 2003-cü il 17 noyabr tarixində keçirilmiş ilk iclasında “Biz xalqın xidmətçisiyik. Hər bir məmurun vəzifəsi xalq üçün çalışmaq, ona göstərilmiş etimadı doğrultmaqdır” deyən cənab Prezident İlham Əliyev məmurlara ən yüksək səviyyədə edilmiş açıq çağırışları və xəbərdarlıqları ilə vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına səsləmişdir. Məhz Respublikamızda Prezidentimizin şəxsi təşəbbüsü ilə yaradılmış, dünya dövlətləri tərəfindən yekdilliklə təqdir olunmuş "ASAN xidmət” kimi mötəbər bir brend vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi; bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması məqsədlərini özündə birləşdirərək, dövlət qurumlarında süründürməçilik, bürokratiya ilə qarşılaşan insanların həyatına yaxından daxil olmuşdur. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən, məhz xalqının rifahına, daha sağlam gələcəyinə xidmət edən, davamlı islahatların növbəti, yeni sosial brendi kimi yaranan və tanınan “DOST” Agentliyi də bir daha sübut etdi ki, Azərbaycanın dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı, insan amili dayanır.
Amma təəssüflər olsun ki, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl və qətiyyətli şəkildə dövlət idarəçiliyi sistemində struktur dəyişiklikləri və kadr islahatları apardığı çox məsuliyyətli, həssas bir zamanda bəzi rayon icra başçılarının nümayəndəlikləri, həmçinin Mədəniyyət Nazirliyində bəzi məsul şəxslərin konstitusiyaya, mənəviyyata, hüquqa zidd əməlləri cəmiyyətdə dərin ikrah hissi yaradır. Üstəlik, onu da nəzərə alsaq ki, bütün bu xoşagəlməz hallar dünyanı ağuşuna almış və zəhərli "dil"ini vətənimizə də uzatmış COVİD-19 pandemiyası ilə gecə-gündüz mübarizə aparan ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi məsuliyyətdən doğan çox gərgin, qayğılı vəziyyətləriylə üst-üstə düşür- xəyanətin ağırlığını dərk etməyə bilmərik.
Biz inanırıq ki, doğma vətənimiz Azərbaycan bu sınaqlardan da şərəflə, üzüağ çıxacaq, ölkəmizin mənəvi iqlimi xeyli saflaşacaq, rüşvətdən, korrupsiyadan uzaq, şəffaf strukturlar bərqərar olacaq, əhalinin sağlamlığı, təhlükəsizliyi tam təmin olunacaq və gündən-günə daha da gözəlləşən diyarımızda abadlıq, quruculuq işlərinin genişlənməsi yeni vüsət alacaqdır. Bu yolda respublikamızın Prezidenti çox hörmətli Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin ruhu həmişə sağlam olan zəhmətkeş xalqımıza, dövlətçiliyə sadiq həmvətənlərimizə bol-bol uğurlar arzulayıram.

Ceyran Novruzova,
Əməkdar müəllim, Suraxanı rayonu, A.Səfərov adına 114 saylı tam orta məktəbin direktoru.

Keçidlər