Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir
Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Hazırda ölkənin hər yerində qeyd olunan istiqamətdə zəruri işlər görülür. Əhalinin tibbi müayinəyə cəlb edilməsi respublikamızın hər yerində olduğu kimi Suraxanı rayonunda da uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə icra olunur. Dövlət başçısının vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrası məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2014-cü il tarixli 17 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi üçün Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdır. Eyni zamanda rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunub. Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirdi ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən Suraxanı rayon əhalisinin (209312 nəfər) və eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərin (20125 nəfər) keçirilməsi nəzərdə tutulmuşdur. Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparırlar. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir. 02 aprel 2014-cü il tarixədək Suraxanı rayonunda 90 minə yaxın vətəndaş və 93-dən çox kollektiv tibbi müayinədən keçib. 2335 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 182 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilmişdir.
15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirdi ki, Xəstəxana “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqranı”nın icrası nəticəsində 2012-ci ildə əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilmişdir. Müəssisəmiz 22000 nəfər böyük əhaliyə və 13300 uşağa xidmət edir. Xəstəxanamıza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirlər. 02 aprel 2014-cü il tarixədək 13650 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 979 nəfəri rentgen, 2254 nəfəri laboratoriya müayinəsindən, 479 nəfəri USM aparatından və 377 nəfəri isə EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 159 nəfərərində müəyyən xəstəliklər aşkar olunub və 39 nəfəri isə stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Qaraçuxur qəsəbəsinin sakini, qəsəbə veteranlar şurasının sədri – Əliağa Hüseynov 15 nömrəli BŞX-nin tibbi heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına öz təşəkkürünü bildirərək xüsusi vurğuladı ki, 17 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycan vətəndaşının Prezidentidir.
Qəsəbə sakini Həsənova Cəmilə Məmməd qızı bildirdi ki, bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.