Suraxanıda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir
31 mart 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, AMEA-nın Tarix İnstitutunun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etmişdir. Əvvəlcə 97 nömrəli tam orta məktəbin şagirdi Ləman Qurbanovanın “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı çəkdiyi şəkillərin sərgisinə baxış keçirilmişdir.
Tədbirin əvvəlində bir dəqiqəlik sükutla soyqırım şəhidlərinin əziz xatirəsi yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Rayonda “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Rayon ərazisində yerləşən tam orta məktəblərdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunmuşdur. 30 mart tarixdə Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.
Rayon rəhbəri qeyd etmişdir ki, bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır.
Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Belə bir kompleksin inşaası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gösrtərdiyi dəyərli fəaliyyət İlqar Abbasov tərəfindən xüsusi qeyd edilmişdir.
Bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası öz töhfəsini verməkdədir. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəldilmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunun əməkdaşları Vaqif Abışov, İlqar Niftəliyev, YAP Suraxanı rayon qadınlar şurasının sədri, 97 nömrəli tam orta məktəbin direktoru Solmaz Səfərova və digər çıxış edənlər qeyd etmişlər ki, 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır.
Sonda tədbir iştirakçıları 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş filmi seyr etmişlər.