9 Fevral Bülbülə qəsəbəsində növbəti səyyar qəbul keçirildi
09 fevral 2023 | 15:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Suraxanı Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu Bülbülə qəsəbəsinin sakinləri ilə keçirilib.
D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə keçirilən qəbulda RİH başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin, eləcə də qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdə həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına toxunan Ə.Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola salındığını, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildiyini qeyd edib.
Daha sonra ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər qeydə alınaraq rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə həlli istiqamətində lazimi tapşırıqlar verilib.
Qəsəbə sakinləri çıxış edərək rayon icra başçısının qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini söyləyib və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.